Qəbul olunan Dövlət Proqramı yeni çağırışlara cavab verir
Əhalinin sağlamlığının ən vacib faktorlarından biri qida təhlükəsizliyidir. Qida təhlükəsizliyi həm də ölkənin milli təhlükəsizliyinin, əhalinin sosial rifahının təmin edilməsinin mühüm komponentlərindən hesab olunur. İnsanların həyat və sağlamlığının qorunmasında atılan ən mühüm addımlardan biri də onların keyfiyyətli qida məhsulları ilə təmin olunması, eləcə də qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirlərinin həyata keçirilməsidir. Qlobal iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su ehtiyatlarının azalması kimi ekoloji amillər də qida təhlükəsizliyinə təsirsiz ötüşmür. Bununla belə, biomüxtəlifliyin azalması, urbanizasiya, dəyişən istehlakçı vərdişləri, həmçinin baytarlıq preparatlarının, pestisidlərin və digər kimyəvi maddələrin normadan artıq və nəzarətsiz istifadəsi risklərinin artması yeni yanaşmaların tətbiqini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı” da qida təhlükəsizliyinə nəzarətin daha da gücləndirilməsi, eləcə də mövcud problemlərin effektiv və daha çevik həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov cavablandırır.
– Orxan müəllim, xoş gördük. Dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi bir zamanda ölkəmizdə qəbul olunan yeni Dövlət Proqramı, şübhəsiz ki, qida təhlükəsizliyinə nəzarət mexanizminin gücləndirilməsinə öz mühüm töhfəsini verəcəkdir.
– Qida təhlükəsizliyinə nəzarət yalnız istehsal olunan məhsulun təhlükəsizliyinin yoxlanılması ilə məhdudlaşan anlayış deyil. Bu, məhsulun istehsalından başlayaraq emalı, daşınması, saxlanması, satışı və istehlakına qədər bütün mərhələləri əhatə edən vahid və davamlı bir sistemdir. Bu gün qida təhlükəsizliyi qarşısında əvvəlki illərlə müqayisədə daha mürəkkəb məsələlər dayanır. İqlim dəyişiklikləri, temperatur dəyişkənliyi, yeni xəstəliklər, antimikrob rezistentlik, qida zəncirinin qloballaşması, istehlak vərdişlərinin dəyişməsi və elektron ticarətin genişlənməsi yeni risklərin meydana çıxmasına səbəb olur. Bu səbəbdən qida təhlükəsizliyinə nəzarət artıq yalnız baş vermiş problemin aşkar edilməsi deyil, riskin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması prinsipi əsasında qurulmalıdır. 2027-2032-ci illəri əhatə edən Dövlət Proqramı da məhz bu yanaşmanın daha da inkişaf etdirilməsinə və qida təhlükəsizliyinin müasir çağırışlara uyğun şəkildə gücləndirilməsinə istiqamətlənib.
– Qarşıdakı 5 ili əhatə edən Dövlət Proqramının məqsəd və hədəfləri necə müəyyənləşib?
– Dövlət Proqramının əsas məqsədi milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması, qida təhlükəsizliyi sahəsində istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, qida təhlükəsizliyinin təmin olunmasında istehlakçıların ictimai nəzarətinin gücləndirilməsi, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qida istehsalı və emalı prosesində ekoloji cəhətdən təmiz və dayanıqlı metodların tətbiqinin təşviq edilməsi və qida israfının qarşısının alınması üzrə tədbirlər görülməsindən ibarətdir.
Burada əsas məsələlərdən biri qida məhsullarının izlənilə bilməsidir. Məhsulun hansı müəssisədə istehsal edildiyini, hansı xammaldan hazırlandığını, hansı mərhələlərdən keçdiyini və son olaraq istehlakçıya necə çatdığını müəyyən etmək mümkün olduqda, hər hansı təhlükə yarandığı zaman problemin mənbəyini daha sürətli müəyyənləşdirmək və müvafiq tədbir görmək olur. Bu baxımdan, rəqəmsal texnologiyaların tətbiqi qida təhlükəsizliyinin gələcək inkişafında mühüm rol oynayacaq.
Digər mühüm istiqamət sahibkarların qida təhlükəsizliyi sistemində daha fəal iştirakıdır. Müasir yanaşmada dövlət nəzarəti ilə yanaşı, müəssisənin öz daxilində təhlükələrin müəyyənləşdirilməsi və idarə olunması vacib hesab edilir. Bu baxımdan, HACCP prinsiplərinin tətbiqinin genişləndirilməsi istehsal, emal və ictimai iaşə müəssisələrində təhlükələrin baş verməmişdən əvvəl müəyyən olunmasına imkan verən mühüm mexanizmlərdən biridir. Dövlət Proqramında da HACCP sisteminin tətbiqinin genişləndirilməsi əsas hədəflər sırasında yer alır.
– Qida təhlükəsizliyinin təmin edilməsində aktiv rol oynayan laboratoriyaların fəaliyyətini günümüz üçün necə qiymətləndirmək olar?
– Bəli, qeyd etdiyiniz kimi, qida təhlükəsizliyinin təmin edilməsində laboratoriya imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir laboratoriyalar yalnız mövcud problemin aşkarlanmasına deyil, həm də yeni risklərin vaxtında müəyyənləşdirilməsinə xidmət etməlidir. Bunun üçün laboratoriyaların texniki imkanlarının artırılması, yeni müayinə metodlarının tətbiqi və mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramında da qeyd olunur ki, müasir dövrdə bioloji təhlükələr, yeni və təkrar meydana çıxan patogenlər, artan qlobal hərəkətlilik və transsərhəd risklər yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya komplekslərinin yaradılmasını strateji zərurətə çevirmişdir. Belə infrastrukturun formalaşdırılması təhlükəli bioloji amillərlə təhlükəsiz şəraitdə işləmək, onların vaxtında aşkar olunmasını təmin etmək, elmi əsaslı qiymətləndirmə aparmaq və fövqəladə risklərə operativ cavab vermək üçün vacibdir. Yüksək biotəhlükəsizlik səviyyəsinə malik laboratoriya mühiti tədqiqat və diaqnostik fəaliyyətin təhlükəsiz, təcrid olunmuş və idarəolunan şəraitdə həyata keçirilməsinə imkan verir ki, bu da həm insan və heyvan sağlamlığının qorunması, həm də milli biotəhlükəsizlik sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
– Görülən tədbirlər istehlakçını məsuliyyətdən azad etmir. İstehlakçı nələrə diqqət etməlidir?
– Bəli, qida təhlükəsizliyi yalnız dövlət qurumlarının və sahibkarların məsuliyyəti deyil. İstehlakçının da bu sistemdə mühüm rolu var. Məhsul alarkən etiket məlumatlarına diqqət yetirmək, son istifadə tarixini yoxlamaq, saxlanma şərtlərinə əməl etmək və şübhəli məhsullarla bağlı aidiyyəti qurumlara məlumat vermək ümumi təhlükəsizliyə mühüm töhfə verir. Dövlət Proqramında istehlakçıların məlumatlılığının və ictimai nəzarətin artırılması da ayrıca məqsəd kimi müəyyənləşdirilib.
Xüsusilə uşaqların və digər həssas əhali qruplarının sağlam qidalanması məsələsi diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə maarifləndirmənin məktəb yaşlarından başlaması, sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı biliklərin təhsil prosesinə daha geniş daxil edilməsi nəzərdə tutulur. Belə yanaşma yalnız bu günün deyil, gələcək nəsillərin də qida təhlükəsizliyi mədəniyyətinin formalaşmasına xidmət edir. Eyni zamanda uşaq bağçalarında və məktəblərdə sağlam və təhlükəsiz qidalanma vərdişlərinin təşviqi işlərinin aparılması uzunmüddətli davranış dəyişikliyinə gətirib çıxaracaqdır.
Növbəti illərdə qida təhlükəsizliyinə yanaşmanın əsas xüsusiyyətlərindən biri də insan, heyvan, bitki və ətraf mühit sağlamlığının bir-birindən ayrı deyil, vahid sistem kimi qiymətləndirilməsidir. Çünki heyvan sağlamlığında və ya ətraf mühitdə yaranan problem müəyyən mərhələdə insan sağlamlığı və qida təhlükəsizliyi üçün də riskə çevrilə bilər. Bu səbəbdən müxtəlif sahələr arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
– Dövlət Proqramında Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması da hədəflər sırasındadır.
– Bəli, Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması muxtar respublikada heyvandarlıq təsərrüfatlarının xəstəlik risklərindən qorunması, daxili bazarın yüksəkkeyfiyyətli ət və süd məhsulları ilə təmin edilməsi, eyni zamanda istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə Ölkə Nəzarət Proqramı çərçivəsində mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyası və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi, kütləvi vaksinasiya tədbirlərinin həyata keçirilməsi və digər zəruri tədbirlər nəzərdə tutulur. İşlərin sistemli şəkildə təşkili məqsədilə müvafiq Tədbirlər Planı təsdiq edilib. Hazırda agentlik tərəfindən aidiyyəti qurumlarla birgə Naxçıvan Muxtar Respublikasının dabaq xəstəliyindən azad zona elan edilməsi istiqamətində hazırlıq işləri davam etdirilir.
– Ailə təsərrüfatlarının aktiv fəaliyyəti və insanların ev şəraitində hazırlanan məhsullara marağının artması bu sahəyə nəzarət mexanizminin gücləndirilməsini də zəruri edir. Ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması necə nəzərdə tutulub?
– Dövlət Proqramının “Qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi” prioritet istiqamətinə əsasən yaxın illərdə ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizmi formalaşdırılacaqdır. İlkin mərhələdə ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, bununla bağlı hüquqi bazanın formalaşdırılması və nəticədə, ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi ilə bağlı tənzimləmə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.
Unutmayaq ki, qida təhlükəsizliyi məsələsi iqtisadi inkişafla da birbaşa əlaqəlidir. Məhsulların beynəlxalq tələblərə uyğun istehsalı yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirir. Təhlükəsiz və izlənilə bilən məhsul həm daxili bazarda istehlakçı etimadını artırır, həm də Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı dövrdə məqsəd yalnız daha çox nəzarət həyata keçirmək deyil. Əsas məqsəd daha ağıllı, daha çevik və riskləri qabaqcadan müəyyən edə bilən qida təhlükəsizliyi sistemi formalaşdırmaqdır.
Təhlükəsiz qida sağlam cəmiyyətin, dayanıqlı iqtisadiyyatın və etibarlı qida bazarının əsas şərtlərindən biridir. Bu istiqamətdə dövlət qurumlarının, sahibkarların və istehlakçıların birgə qarşılıqlı fəaliyyəti nə qədər güclü olarsa, qida təhlükəsizliyi sisteminin nəticələri də bir o qədər davamlı olacaqdır. 2027-2032-ci illər üçün müəyyənləşdirilən yanaşma məhz bu məqsədə – qida təhlükəsizliyinin bütün zəncir üzrə daha müasir, elmi əsaslı, rəqəmsal və preventiv mexanizmlərlə gücləndirilməsinə xidmət edir.
– Müsahibə üçün sağ olun.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş