header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Agentliyin “Şərq Qapısı” qəzetində “XXI əsrin qlobal sağlamlıq çağırışı: zoonoz xəstəliklər” mövzusunda məqaləsi dərc olunub
07 iyul 2026 18:45

         XXI əsrin qlobal sağlamlıq çağırışı: zoonoz xəstəliklər

 

Hər il 6 iyul tarixi “Ümumdünya Zoonoz Günü” kimi qeyd edilir. Bu tarix məşhur alim Lui Pasterin 1885-ci ildə ilk dəfə quduzluq peyvəndini insan üzərində uğurla tətbiq etməsi ilə bağlıdır. Bu gün insan, heyvan və ətraf mühit sağlamlığı arasındakı ayrılmaz əlaqəni bir daha diqqət mərkəzinə gətirir. Zoonoz xəstəliklərin qlobal miqyasda yaratdığı risklərə diqqət çəkməklə yanaşı, onların qarşısının alınmasında sektorlararası əməkdaşlığın və koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayır.
Müasir dövrdə zoonoz xəstəliklər yalnız səhiyyə və baytarlıq sahəsinin problemi deyil, eyni zamanda qlobal sağlamlıq təhlükəsizliyi, qida təhlükəsizliyi, ərzaq təminatı, iqtisadi sabitlik və ətraf mühitin mühafizəsi baxımından mühüm çağırışlardan biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının birgə məlumatlarına əsasən insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin 60 faizdən çoxu zoonoz mənşəlidir, yeni yaranan infeksion xəstəliklərin isə, təxminən, 75 faizi heyvan mənşəli patogenlərlə əlaqələndirilir. 
Son illərdə yüksək patogenliyə malik zoonoz mənşəli xəstəliklərin yayılması göstərmişdir ki, heyvanlar aləmində meydana gələn infeksion təhlükələr qısa müddət ərzində regional problem olmaqdan çıxaraq beynəlxalq ictimai sağlamlıq böhranına çevrilə bilər. Bu səbəbdən zoonoz xəstəliklərin monitorinqi, erkən aşkarlanması, profilaktikası və effektiv idarə olunması bütün ölkələr üçün prioritet istiqamətlərdən biri hesab edilir.
Zoonoz xəstəliklərlə mübarizədə ən mühüm yanaşmalardan biri “Vahid Sağlamlıq” konsepsiyasıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənən bu model insan sağlamlığı ilə ev və vəhşi heyvanların sağlamlığı, bitki örtüyü, torpaq, su ehtiyatları və ekosistemlər arasında mövcud olan qarşılıqlı asılılığı qəbul edir.
İnsan sağlamlığının heyvan sağlamlığından ayrı qiymətləndirilməsinin mümkün olmaması, həmçinin heyvan sağlamlığının ətraf mühitin vəziyyəti ilə sıx bağlı olması bu konsepsiyanın əsas fəlsəfəsini təşkil edir. 
Heyvanlardan insanlara və ya insanlardan heyvanlara ötürülə bilən yoluxucu xəstəliklər zoonoz xəstəliklər kimi xarakterizə edilir. Bu xəstəliklərin insanlara ötürülməsi müxtəlif epidemioloji mexanizmlər vasitəsilə baş verir. Yoluxma xəstə heyvan və ya insanla birbaşa təmas nəticəsində, yoluxmuş qida və su vasitəsilə, hava-damcı yolu ilə, heyvan dişləmələri və həşərat sancmaları nəticəsində, eləcə də anadan dölə ötürülmə yolu ilə baş verə bilər. Bir çox zoonoz infeksiyaların yayılmasında gənələr, ağcaqanadlar, milçəklər və gəmiricilər mühüm rol oynadığından onlar transmissiv və ya vektor mənşəli xəstəliklər kimi xarakterizə olunur.
Müasir dövrdə zoonoz xəstəliklərin yayılmasında qida amili xüsusi əhəmiyyət daşıyır. Qida mənşəli zoonoz infeksiyalar mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində yaranır və qısa müddət ərzində geniş əhali qrupları arasında yayıla bilir. 
Qida zəncirində zoonoz infeksiyaların yayılması heyvanların yetişdirilməsi mərhələsindən başlayaraq kəsim, emal, daşınma, saxlanma və istehlak mərhələlərinədək davam edə bilər. Bu baxımdan, qida təhlükəsizliyinin əsas prinsiplərindən biri hesab olunan “fermadan süfrəyə qədər” yanaşması xüsusi əhəmiyyət kəsb edir. Bu prinsip qida məhsullarının istehsalının bütün mərhələlərində risklərin müəyyənləşdirilməsini, qiymətləndirilməsini və idarə olunmasını nəzərdə tutur. 
“Vahid Sağlamlıq” konsepsiyasının mühüm istiqamətlərindən biri də antimikrob preparatlara qarşı müqavimətlə mübarizədir. Heyvandarlıq təsərrüfatlarında antibi­otiklərin qeyri-rasional və nəzarətsiz istifadəsi nəticəsində mikroorqanizmlərdə davamlılıq formalaşır və bu davamlılıq qida zənciri, ətraf mühit və ya birbaşa təmas vasitəsilə insanlara ötürülə bilir. Ümumdünya Səhiyyə Təşkilatı antimikrob müqavimətini bəşəriyyətin üzləşdiyi ən ciddi qlobal ictimai sağlamlıq təhdidlərindən biri kimi qiymətləndirir. Problemin effektiv həlli səhiyyə, baytarlıq, kənd təsərrüfatı və ekoloji sektorlar arasında birgə əməkdaşlıq tələb edir.
Zoonoz xəstəliklər XXI əsrin ən ciddi qlobal sağlamlıq çağırışlarından biri olaraq qalır. İnsan, heyvan və ətraf mühit sağlamlığı arasındakı sıx qarşılıqlı əlaqə bu xəstəliklərlə mübarizədə kompleks və multidissiplinar yanaşmanın vacibliyini bir daha təsdiqləyir. “Vahid Sağlamlıq” konsepsiyası insan, heyvan, bitki və ətraf mühit sağlamlığını vahid sistem kimi qiymətləndirərək zoonoz xəstəliklərin profilaktikası, erkən aşkarlanması və effektiv idarə olunması üçün elmi cəhətdən əsaslandırılmış strateji model təqdim edir. 
“Vahid Sağlamlıq” yanaşmasının əsas məqsədi heyvanlardan insanlara keçən xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və idarə olunmasıdır. Bu çərçivədə ölkəmizdə aidiyyəti dövlət qurumları arasında qarşılıqlı əməkdaşlıq gücləndirilir, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları dövri olaraq zoonoz xəstəliklərin monitorinqi və nəzarəti üzrə mütəmadi birgə fəaliyyət göstərirlər.
Muxtar respublikada zoonoz xəstəliklərin yayılmasının qarşısının alınmasında qida təhlükəsizliyi sahəsində görülən tədbirlər mühüm əhəmiyyət daşıyır. Heyvan mənşəli qida məhsullarının istehsalı, daşınması və satışına nəzarət mexanizmləri davamlı olaraq təkmilləşdirilir. 
Azərbaycan hökumətinin “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində həyata keçirdiyi tədbirlər zoonoz xəstəliklərə qarşı dayanıqlı müdafiə sisteminin formalaşdırılmasına yönəlmişdir. Qida təhlükəsizliyinin gücləndirilməsi, tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, iqlim dəyişikliklərinin səhiyyəyə təsirlərinin qiymətləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin bu sahədə strateji prioritetlərini əks etdirir. Mütəxəssislərin qənaətinə görə, insan, heyvan və ətraf mühit sağlamlığını vahid sistem kimi nəzərdən keçirən bu yanaşma gələcəkdə yeni epidemioloji risklərin qarşısının alınmasında mühüm rol oynayacaqdır.

Səidə Mirzəyeva
Naxçıvan Muxtar Respublikası 
 Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı

Çap

Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.

main-news
09 mart 2024 18:13
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena təl...

Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.

main-news
12 mart 2024 17:45
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena təl...

Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
01 aprel 2024 18:11
  Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiy...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər