header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Agentliyin “Şərq Qapısı” qəzetində “Genetik modifikasiya olunmuş məhsullar insanlıq üçün nə vəd edir?” mövzusunda məqaləsi dərc olunub
12 may 2026 15:55

Qida təhlükəsizliyi gündəliyi

Müasir dövrdə qida təhlükəsizliyi ilə texnologiya arasında qarşılıqlı inteqrasiya güclənmiş və bu sahələr bir-birini tamamlayan strateji komponentlərə çevrilmişdir. Bu birliyin ən çox müzakirə edilən, bəzən qorxu, bəzən isə ümidlə qarşılanan adı GMO-dur. Bəs GMO, əslində, nədir? Onlar sağlamlığımız üçün təhdiddir, yoxsa bəşəriyyəti aclıqdan xilas edəcək yeganə çıxış yolu?

GMO ( genetik modifikasiya olunmuş orqanizm) – canlının genetik kodunun laboratoriya şəraitində, təbiətdə baş verməsi mümkün olmayan şəkildə dəyişdirilməsidir. Bu prosesdə bir canlının istənilən özəlliyini daşıyan gen fraqmenti alınaraq digər canlının DNT zəncirinə “kopyalanır”. Məsələn, pomidorun daha uzun müddət təzə qalması üçün ona soyuğa davamlı balıq geninin və ya zərərvericilərə qarşı müqavimətli bakteriya geninin köçürülməsi bu texnologiyanın məhsuludur.

Keçmişdən bu günümüzə qədər insanlar tərəfindən genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılmış, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilmişdir. Lakin genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Həmçinin dünya əhalisinin artması nəticəsində qida çatışmazlığının yaranması da ən vacib amillərdəndir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Qurumunun (FAO – Food and Agriculture Organization) məlumatına görə hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Dünya alimləri yetərincə qidalanmayan insanların sayının qarşıdakı illərdə daha da artacağını güman edirlər. Proqnozlara görə 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək. Bu təhlükənin qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən çıxış müasir biotexnologiya metodlarından istifadə edərək, genetik modifikasiya olunmuş məhsulları istehsal etməkdir. Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.

Sadalananalar fonunda potensial həll yollarından biri həm suvarılan, həm də suvarılmayan torpaqlarda məhsuldarlığı artırmaq və ekoloji streslərə daha dözümlü olan yeni sortlar yaratmaq üçün məhsulların təkmilləşdirilməsidir. Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərindən başlanılmış və günümüzə qədər davam etdirilməkdədir.

Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və erroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.

Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına əsasən alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Bəzi meyvələrin isə genetik strukturunun mürəkkəb olması və əlavə olaraq iqtisadi marağın yüksək olmaması səbəbindən genləri hələki dəyişdirilməyib.

Gen mühəndisliyi təkcə qida sahəsində deyil dərman sənayesi və tibb sahəsində əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.

Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümumi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər. Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.

GMO-ların potensial riskləri istər elmi tədqiqat institutları, istərsə də kənd təsərrüfatı sahəsində fəaliyət göstərən biotexnologiya şirkətləri tərəfindən  ətraflı şəkildə təhlil edilməmişdir. Bütün hallarda genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir. İstehlakçının ən böyük hüququ isə məlumatlı olmaqdır. Məhz bu səbəbdən beynəlxalq standartlar məhsulların üzərində “GMO tərkiblidir” və ya “GMO-suzdur” (Non-GMO) etiketlərinin olmasını tələb edir. Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar etmişdir.

Bu gün bir çox inkişaf etmiş ölkədə, o cümlədən Azərbaycanda GMO-nun dövriyyəsi və istifadəsi qanunlarla ciddi şəkildə tənzimlənməkdədir. GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir. Belə ki, bu kimi ölkələrdə beynəlxalq reqlamentlərə əsasən qida və yem kimi istifadə olunan GMO-ların etiketlənməsi və onların tarladan mağazaya qədər izlənilməsi (traceability) qaydaları tətbiq edilir. Avropa Birliyinin geni dəyişdirilmiş qida və yem məhsulları haqqında ən fundamental qanunvericilik aktı olan 1829/2003 saylı reqlamentində tərkibində 0.9%-dən çox GMO olan hər bir məhsulun müvafiq qaydada etiketlənməsi məcburidir.

Ölkəmizdə isə mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındıqdan sonra icazə verilir.

Buradan aydın olur ki, nəticə etibarilə ölkəmizə yalnız qeydiyyata alınmış genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları idxal oluna bilər. GMO qida məhsullarının isə idxal edilməsi, istehsalı, dövriyyəsi yolverilməzdir və idxal olunan qida məhsulları müvafiq laborator müayinələrə cəlb olunaraq bu istiqamətdə yoxlama-nəzarət tədbirləri daha da gücləndirilmişdir.

GMO istehsal edən şirkətlərin siyahısı

 

GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tam tədqiq edilmədiyindən bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manipulyasiyasına məruz qalmamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur və istehlakçılara ekoloji təmiz kənd təsərrüfatı məhsullarından istifadə edilməsi tövsiyə olunur.

 

 

 

Daha ətraflı: https://serqqapisi.az/butun-xeberler/genetik-modifikasiya-olunmus-mehsullar-insanliq-ucun-ne-ved-edir

Çap

Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.

main-news
09 mart 2024 18:13
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena təl...

Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.

main-news
12 mart 2024 17:45
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena təl...

Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
01 aprel 2024 18:11
  Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiy...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər